Biri digərini kəsərlə (və başqa alətlə) öldürdükdə bəzən qatil qaça bilmir. Belə halda “Qatili qan tutub” deyirlər. Qatil sanki yerindəcə donub qalır, yaranmış psixoloji vəziyyətlə əlaqədar olaraq onun qanı bir anlığa hərəkət etmir. Qan tutub cümləsi qatilin qanının hərəkətsizliyinə işarədir. Y.Balasaqunlunun “Qutadqu bilik” əsərində deyilir: qayu adı: qan tutmuş, emdi muni aça bergü, ekçək aqıtduğu qanı (onların bəziləri dedilər ki, onu qan tutub, damarından qan buraxmaq lazımdır). Görünür, ifadənin əsli qanı tutulub kimi olmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)